İran İslam Respublikasında Müdafiə Şurasının yaradılması xəbəri Tehranın təhlükəsizlik konsepsiyasını yenidən formatlamağa başladığını göstərir. Artıq “müdafiə” anlayışı klassik passiv mövqedən çıxarılaraq, siyasi və strateji yönümlü çevik idarəetmə sisteminə transformasiya olunur.

İranın milli təhlükəsizlik arxitekturasında son dövrlər müşahidə olunan institusional dəyişikliklər onu göstərir ki, Tehran yalnız diplomatik rəqslərlə kifayətlənmək niyyətində deyil – o, həm daxili idarəetmədə mərkəzləşməni artırır, həm də xarici hərbi təhdidlərə qarşı alternativ modellər formalaşdırır.

Yeni yaradılan Müdafiə Şurası Prezidentin başçılığı ilə fəaliyyət göstərəcək və öz tərkibinə qanunverici və məhkəmə hakimiyyəti rəhbərlərini, ordu komandanlarını və təhlükəsizlik aparatı nümayəndələrini cəlb edəcək. Bu, əslində, ölkənin bütün güc dayaqlarının bir şura altında mərkəzləşdirilməsi deməkdir.

Yəni, Tehranda qərarların çevik şəkildə qəbul olunması üçün siyasi, hüquqi və hərbi institutlar arasında vertikal sinxronlaşdırma həyata keçirilir. Bu model fövqəladə rejim şəraiti üçün daha uyğundur və İran sistemində bu cür modellər adətən müharibə, iğtişaş və ya beynəlxalq blokada şəraitində aktivləşdirilir.

Təhlükəsizlik strukturuna təcrübəli və simvolik bir fiqurun – Əli Laricaninin gətirilməsi gözlənilir. O, illərlə parlamentə rəhbərlik etmiş, Ali Rəhbərin yaxın çevrəsində qərarlaşmış, sistemin həm ideoloji, həm də texnokratik damarlarını tanıyan şəxsdir.

Əgər Laricani Müdafiə Şurasının katibi təyin olunsa, bu həm də onun sistemə sakit, amma məqsədli şəkildə qayıdışının manifesti olacaq. Yəni, Tehran yeni təhlükəsizlik arxitekturasını qurarkən təzə fiqurlara yox, etibarlı “köhnə dostlar”a üz tutur. Bu isə daxili sabitliyi qorumaqla yanaşı, xarici partnyorlara da "nəzarətli sabitlik" mesajı vermək niyyətindən xəbər verir.

İran Konstitusiyasının 176-cı maddəsi əsasında həyata keçirilən bu dəyişikliklərin konservativ sərt xəttin simvolu olan Səid Cəlilinin sistemdən kənarlaşdırılması ilə müşayiət ediləcəyi bildirilir. Bu, iki səviyyədə oxunmalıdır:

Sistem daxili təmizlənmə və rasionalizasiya– artıq ritorikadan çıxış edən sərt xətlər yerini daha çevik və hesablama qabiliyyətinə malik strukturlaşmaya verir.

Eyni zamanda daxildə fraksiyalararası hakimiyyət balansının tənzimlənməsidir – xüsusilə Cümhuriyyətçi qanad ilə İnqilab Keşikçiləri arasındakı münasibətlər yeni siyasi texnologiyalarla idarə olunur.

İran və İsrail arasında yaşanan 12 günlük açıq hərbi qarşıdurma fonunda Müdafiə Şurasının yaradılması təsadüfi yox, məhz strateji təqvimlənmiş addımdır. Bu, həm ölkə daxilində ictimai rəyə “hazırlıq vəziyyətindəyik” siqnalı ötürür, həm də Qərb dairələrinə açıq mesaj verir:

 “İran diplomatik səbrini silahlı intizamla əvəz edir”.

Bu şura xarici təhdidlərə qarşı koordinasiyalı cavab vermək, resursların hərbi üstünlüyə yönəldilməsi və operativ qərar qəbuletməntəmin etmək üçün formalaşdırılır. Burada əsas məqsəd reaktiv yox, proaktiv müdafiə siyasəti yürütməkdir.

Tarixə baxsaq İran İslam Respublikasının tarixində bu şuranın analoqunun 1980-88-ci illər İran-İraq müharibəsi dövründə yaradıldığını görərik

 Bu struktur o zaman da prezidentə tabe idi və o, müharibə strategiyasına
nəzarət edirdi. Bu gün də eyni mexanizm yenidən canlandırılır.

Daha əvvəldə qeyd etdiyim kimi, bu qurum Tehranın Qərbə mesajıdır– “biz müharibəyə hazırıq”. Ancaq siyasi məntiq onu göstərir ki, istənilən halda son söz yenə də Ali Rəhbərə məxsus olacaq, yəni, struktur dəyişsə də, iyerarxiyanın zirvəsi dəyişmir.

Adətən, Tehran rejiminin institusional qurumlar yaratmaqda əsas məqsədi bəzən real çeviklik yox, simvolik sabitlik nümayiş etdirmək olur. Müdafiə Şurası da bu baxımdan həm operativ komanda mərkəzi, həm də daxili idarəetmədə sabitlik təsiri bağışlayan vitrin rolunu oynaya bilər.Yəni,“Kimin rəhbərlik etməsinin əhəmiyyəti yoxdur. Qərarları Xamenei verir”.

Şahlar Ruhi